»»

İmam Əli (ə) Ömərin keşiyində dayanır və onun həyatını qoruyurdu - iddiasına cavab

İhsan Zahir iddia edir ki, İmam Əli (ə) Ömərin müdafiəsində dayanır və onun həyatını qoruyurdu. Buna “Nəhcül-Bəlağə”dən dəlil göstərmiş, elə zənn etmişdir ki, buradakı sözlər Əhli-Sünnə kitablarında Ömərin fəziləti ilə bağlı nəql edilən sözlərin eynisidir. İhsan Zahir deyir:

“Əli Ömərin xilafəti boyunca ona qarşı bu cür idi. Onun özünü təhlükəyə atmasını istəmirdi. Nəticədə onun keşikçisinə və qoruyucusuna, məsləhətçisinə çevrilmiş, onun uzun müddət yaşayıb xilafətə rəhbərliyini davam etdirməsini arzulayır, ümmətin xeyri üçün Allaha xatir ona nəsihətlər verirdi. Bu səbəbdən, farslarla savaş barədə Ömər ibn Xəttab onunla məsləhətləşərkən onu bundan çəkindirdi və dedi: “Bu işə yardım və ya onu xar etmək (qələbə və ya məğlubiyyət) (əsgərlərin) azlığı və çoxluğu ilə olmamışdır...” (Nəhcül-Bəlağə, Sübhi Salehin təhqiqi ilə, s. 203-204, Ömərin farslarla savaşa gedərkən onunla (Yəni Əlilə) məsləhətləşdiyi zaman söylədiyi sözlər”)

Bu sözlərdən sonra Əlinin (r) Öməri Peyğəmbərin (s) yuxuda gördüyü və müsəlmanları onun zamanda İslamın ən yüksək səviyyəsinə çatacağı ilə müjdələdiyi şəxs təsəvvür etdiyinə kim şəkk edə bilər?! Ona görə də Əli (r) deyir: “Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa göstərib mütləq, qoşununa yardım edər...”

O, bu sözləri ilə Peyğəmbərin (s) buyurduğu “Sonra vedrəni Ömər aldı və onun əlində vedrə, sanki, böyüdü (yəni dövlət onun (Ömər ibn Xəttabın) əlində genişləndi – tərc.). Mən insanlardan onun kimi bacarıqlı olanı görmədim. Bu hal insanların hamısının dəvələri ilə birgə su içib, doyduqlarına qədər davam etdi” sözünə işarə edir...

Bu barədə insanların diqqətini özünə bundan daha çox cəlb edəcək sözlər isə Uca Allahın kitabında buyurduğu vədidir: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün Allahın Özünün bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd vermişdir”. (Nur, 55)

Onun (İmam Əlinin – tərc.) “Biz Allah tərəfindən verilən vədi gözləyirik” sözləri bu mənadadır: Belə ki, Allah möminlərə və saleh əməl sahiblərinə dinini yer üzündə möhkəmləndirəcəyini və onları varislər edəcəyini söz vermişdir. Ey Faruq, biz həmin möminlər, sən isə həmin başçısan. Allah sənin xilafətin zamanı öz vədini yerinə yetirəcək, sənin rəhbərliyin, bayrağın və düzgün idarəçiliyin altında döyüşən orduya yardım edəcək. Çünki Allahın dininin qalib və üstün olması, qərar tutub yayılması lazımdır. Belə ki, din başçısının və məmləkət hökmdarının məqamı muncuqları toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, muncuqlar bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə toplanmaz”.

Bu sözləri ilə də Peyğəmbərin (s) duasına işarə edir: “İlahi, İslamı Ömər ibn Xəttabla qüvvətləndir”. Bunu Məclisi “Biharul-ənvar”da Muhəmməd Baqirdən rəvayət edib (“Biharul-ənvar”, c.4, “Səma və aləm” kitabı). Peyğəmbərin (s) duasının mütləq qəbul olunacağı şübhəsizdir.

Əhli-Beytin ağası aralarında şiələrinin olduğu iddia edilən şəxslərlə bərabər bütün insanlara Faruqun hər hansı bir şəxs kimi olmadığını çatdırır. Onun dəyirmanın oxu kimi olduğunu, müsəlmanların və ərəblərin dəyirmanının onun ətrafında dövr etdiyini bildirir. Əgər dəyirmanın oxu olmasa o əsla fırlanmaz! Ona görə də bu sözləri ilə Ömər qarşısında israr edir: “Çünki sən bu torpaqdan çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar”. Çünki ərəblər Faruqun kök və mehvər olduğunu bilirdilər. Əgər kök aradan getsə nə budaq, nə də yarpaq qalmayacaq. O, mehvərdir, əgər sınsa, dəyirman daşı da dövr etməyəcək. Eləcə də, sən bu qövmün və zəiflərinin himayədarısan. Bizdən uzaqlaşmağına və özünü ölümlə üz-üz qoymağına izn vermərik. Çünki biz sənsiz keçinə bilmərik...” 1124

Cavab

İhsan Zahirin “Nəhcül-Bəlağə”dəki bu mətni öz iddiasına dəlil göstərməsi yanlışdır. Çünki oradakı sözlər iddiasına uyğun deyil. Dəlil göstərdiyi bu mətnin əslini tam şəkildə sizə təqdim edirik:
“İmam Əlinin (ə) İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir: “Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini əsaslandıraraq belə bəyan edir:) Rəhbərin yeri muncuqları toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, muncuqlar bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə toplanmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar, birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı ox kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (Mədinədən) çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. (Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: “Bu, ərəblərin rəhbəridir. Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız”. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar.

İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Uca Allah onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir.

Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Peyğəmbərin (s) vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Uca Allahın yardımı, köməyi ilə döyüşürdük”. 1125

Bu kəlamın məzmunu budur: müsəlmanların çoxluğu və ya azlığı onların qələbəsinə və ya məğlubiyyətinə meyar deyil. Bu, Allahın əlində olan bir məsələdir. O, dilədiyinə yardım edərək güc bəxş edir və dilədiyini də xar edir. Müsəlmanlar hidayət yolunda olduqları müddətcə Uca Allah onlara yardım edəcəyini vəd verib. O, pak və münəzzəhdir, əsla vədinə xilaf çıxmaz. Ümmətin birliyi onların başçılarının mövcud olub-olmamasına bağlıdır. Necə ki, gücləri İslamda və izzətləri vəhdətdədir. Xilafət rəhbərliyi əlində olduğuna görə isə Ömər bu vəhdəti qorumalı, şəxsən farslarla müharibəyə getmək istəyi ilə onu təhlükəyə atmamalıdır. Çünki bu addımı ərəblərin daxildə onun hakimiyyətinə qarşı üsyan qaldırması və farsların savaşda onu öldürüb daha da güclənməsi ilə nəticələnəcək. Farsların ordusunun sayının çoxluğu Ömərin şəxsən müharibəyə getməsi üçün bir səbəb deyil. Belə ki, Allah Öz dinin qoruyucusudur. Müsəlmanlar əvvəlki savaşlarda da saylarının çoxluğuna görə deyil, Allahın yardımına əsasən qələbə qazanırdılar.

“Nəhcül-Bəlağə”dəki bu cümlələri aşağıdakı kimi qeyd etmək olar:

A. Əsgər sayının çoxluğu və ya azlığı İslamın qələbəsi və ya məğlubiyyəti üçün meyar deyil. Buna İmamın (ə) Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi” sözləri dəlalət edir. Bu kəlam Allahın Qurani-Kərimdəki ayəsindən götürülüb: “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız. Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!”; (Tövbə, 25-26) “Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!” (Bəqərə, 249)

Bu və buna bənzər ayələr müsəlmanların çoxluq və ya azlığının qələbə və ya məğlubiyyət üçün səbəb olmadığını bildirir. İmam Əlinin (ə) sözləri də bu məzmunu ehtiva edir.

B. Müsəlmanların qələbəsi və ya məğlubiyyəti Allah tərəfindəndir. Uca Allah onlara yardım edəcəyini vəd verib. O, bütün eyiblərdən pak və münəzzəhdir, vədini yerinə yetirən və əsgərlərinə yardım edəndir. Buna İmamın (ə) “Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa göstərib qoşununa yardım edər” sözləri dəlalət edir. Bu məna da Qurandan götürülmüşdür. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”; (Muhəmməd, 7) Həmçinin buyurur: “Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır! (Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbir edənlərlədir!” (Ənfal, 65-66)

Bu və bu mövzuda olan digər ayələr müsəlmanların qələbə və məğlubiyyətinin meyarlarını qeyd edir. Meyar onlardakı iman, təqva, ixlas, səbr, Allaha və rəsuluna olan itaətləridir.

İmamın (ə) sözləri də bu ayələrin məzmunundadır. Məqsədinin bu məzmun olduğuna İmamın (ə) “...biz bundan əvvəl (Peyğəmbərin (s) vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Uca Allahın yardımı, köməyi ilə döyüşürdük” sözləri də işarə edir.

C. Ümmətin parçalanmadan və təfriqədən qorunması üçün rəhbərin olması zəruridir. Onların vəhdəti buna bağlıdır. Buna İmamın (ə) “Rəhbərin yeri muncuqları toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, muncuqlar bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə toplanmaz” sözləri dəlalət edir.

Ç. Ərəblərin güc və izzətinin arxasındakı sirr İslam və onların birliyidir. Nə qədər ki, onlar İslamın hidayət yolundadırlar və sözləri də birdir, onlarda güc və izzət olacaq. Onları gücləri İslamda, izzətləri isə vəhdətlərindədir. Buna İmamın (ə) “Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar, birlik və bütövlüyünə görə qalibdirlər.” sözləri işarə edir. Bu kəlmələr də Qurani-Kərimə əsaslanıb. Uca Allah buyurur: “Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!” (Ali-İmran, 123) Həmçinin: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103) Və bu qəbildən olan digər ayələr...

D. Öməri ərəblərin birliyini qorumağa çağırması; Buna İmamın (ə) “...Sən dəyirmanın ortasındakı ox kimi ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə” sözləri dəlalət edir.

E. Ömərin farslarla müharibəyə getməsində iki cəhətdən zərər var:

Birincisi: Ərəblərin birliyinin parçalanması; Buna İmamın (ə) “Çünki sən bu torpaqdan (Mədinədən) çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq” sözləri dəlalət edir. İmam (ə) bu sözləri ilə ümməti ağuşuna alacaq daxili təhlükədən xəbər verir. Bu isə müxalif ərəblərin İslam dövlətinə yaratdıqları təhlükədir. Onlar ölkə rəhbərinin şəhəri tərk etməsini fürsət bilib paytaxta hücum çəkəcəkdilər.

İkinci: Müsəlmanların müharibədəki məğlubiyyəti; Buna isə İmamın (ə) Ömərə söylədiyi “...(Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: “Bu, ərəblərin rəhbəridir. Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız”. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar” sözləridir.

F. Fars ordusunun müsəlmanlarla savaşa gəlmələrindən və saylarının çoxluğundan qorxan Öməri arxayınlaşdıraraq İmam (ə) deyir: “İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Uca Allah onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Peyğəmbərin (s) vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Uca Allahın yardımı, köməyi ilə döyüşürdük”.

Bütün bunlar İmamın (ə) müsəlman ümmətinin birliyini və dövlətini qorumaq üçün çalışdığını göstərir. Burada İhsan Zahirin iddia etdiyi Ömərin şəxsiyyətinə olan heç bir məhəbbət, qayğı və ya hərislikdən söhbət gedə bilməz. İmamın (ə) Ömərə verdiyi bu nəsihətlər ona olan sevgisindən və ya həyatını qorumaq istəyindən irəli gəlmir. O, bu nəsihəti ilə İslamı və müsəlmanların birliyini qorumağa çalışır. Eyni zamanda da Peyğəmbər (s) sünnəsinə əməl edərək məsləhət istəyən şəxsə layiqli nəsihət verir.

Bu mənalar Əhli-Sünnənin Peyğəmbərdən (s) rəvayət etdiyi “Sonra vedrəni Ömər aldı və onun əlində vedrə, sanki, böyüdü” sözlərindəki məna ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, Peyğəmbərə (s) nisbət verilən bu sözlərlə Möminlərin əmiri Əlinin (ə) sözlərinin arasında heç bir cəhətdən bənzərlik görünmür. Hətta ehtimal olaraq, Əhli-Sünnədən “Nəhcül-Bəlağə”ni şərh edən şəxslər də bu rəvayətə öz şərhlərində qeyd etməyiblər. Bütün bunları rəvayətin məzmunundakı problemlərə göz yumaraq söyləyirik.

Bundan daha uzaq iddia isə İhsan Zahirin İmamın (ə) bu sözləri ilə “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini...” ayəsini qəsd etdiyini söyləməsidir. Bu dəlilsiz bir iddiadır. Bunu ehtimal olaraq belə heç kəs iddia etməyib. Sanki, o, bu iddiası ilə bəzi Əhli-Sünnə alimlərinin həmin ayəni Əbu Bəkr və Ömərin xilafətinə haqq qazandıran dəlil göstərmələrinə əsaslanıb ki, guya Allah bunu səhabələrə vəd etmişdi. Uca Allahın vədi, şübhəsiz ki, haqdır. Onların iddialarına görə, səhabələrin arasından bir dəstə şəxsin xilafəti ilə Allahın dini yer üzündə qərar tutmalı idi ki, bu vəsflər də yalnız Əbu Bəkrin, Ömərin, Osmanın və Möminlərin əmiri Əlinin (ə) xilafət dövrlərində mövcud olub. 1132

Bu cür dəlilin batil olduğu aydın məsələdir. Ayə mütləq (ümumi) mənadadır. Mütləqi xüsusiləşdirən dəlil olmadan onunla xüsusi hökm vermək yanlışdır. Başqa sözlə: Ayə yalnız möminlərin yer üzündəki xilafəti və İslamın digər dinlər üzərindəki qələbəsi barədə Uca Allahın verdiyi vədinin haqq olduğuna dəlalət edir. Lakin bunun hansı zamanda baş verəcəyinə ayədə heç bir işarə yoxdur. Eləcə də onu hər hansı şəxslərə aid etmək barədə də nə Quranda, nə də sünnədə bir dəlil mövcud deyil. Onu Əbu Bəkrin, Ömərin... xilafətinə şamil etmək havadan deyilmiş söz və qeybdən verilmiş xəbər, İhsan Zahirin və onunla həmfikir olanların sırf şəxsi ictihadlarıdır.

İmamın (ə) sözlərində Əhli-Sünnənin Peyğəmbərdən (s) Ömər üçün rəvayət etdiyi duaya işarə olduğu iddiası da boş bir ictihad, ortaya atılmış dəlilsiz fikir və müsəlmanların icmasını pozmaqdır. Məzhəb fərqliliklərinə baxmayaraq, heç bir müsəlman belə bir iddia ilə çıxış etməmişdir. Həmçinin Ömər haqqında deyilmiş və Peyğəmbərə (s) nisbət verilən bu dua Əhli-Sünnənin “Səhih Buxari”, “Səhih Müslim” və digər səhih kitablarında, eləcə də heç bir səhih rəvayət yolu ilə nəql edilməyib. Heysəmi “Məcməuz-zəvaid”də 1133 Peyğəmbərin (s) Ömər haqqında söylədiyi duaları qeyd etmiş, onların sənədlərindəki zəifliyi vurğulamış və buna baxmayaraq, Öməri müdafiə etməyə çalışmışdır. Həmçinin bəzi Əhli-Sünnə alimləri də duanın məzmunu barədə müzakirə açaraq Ömərin İslamı qəbul etməklə izzət tapdığını vurğulamışlar. Əkrəmədən rəvayət edirlər ki, ondan “İlahi, İslamı Ömərlə qüvvətləndir” sözü barədə soruşulduqda belə söylədi:

“Allaha pənah aparıram! İslam dini bundan daha izzətlidir! Lakin Peyğəmbər (s) belə demişdi: “İlahi, Öməri və ya Əbu Cəhli İslamla izzətləndir”. 1134

Rəvayətdə diqqət çəkən məqamlardan biri “Əbu Cəhl” sözüdür. Bu sözün Peyğəmbər tərəfindən İslamın ilk dövrlərində, Ömər müsəlman olmazdan əvvəl söyləndiyi fərz olunur. Həmin vaxt Ömər “Əbülhəkəm” kimi tanınırdı. Həmçinin fərz olunan Peyğəmbərin (s) İslamın izzətlənməsi üçün bu iki nəfərdən birisi üçün dua etməsidir. Şübhəmiz yoxdur ki, bu rəvayət səhabələrin arasındakı ğulatlıq (şişirtmə, həddi aşma) əqidəsinin nəticəsində yaranmışdır. Hazırda biz bunu müzakirə etmək fikrində deyilik. Belə ki, söhbətimizin mövzusundan kənardır, inşallah, məqamı yetişdikdə söyləyəcəyik. Bəzi müəlliflər nə gözəl söyləmişlər: “Peyğəmbərin (s) dövrünü araşdıran şəxs Ömərin İslama izzət verdiyi heç bir hadisə ilə qarşılaşmaz”. 1135

Buna əsasən, şiə mənbəyi nədir, hələ Əhli-Sünnənin özlərinin arasında bu hədislə bağlı fikir yekdilliyi yoxdur.



İhsan Zahirin Məclisinin sözləri üzərində saxtakarlığı

İhsan Zahirin “İlahi, İslamı Ömərlə izzətləndir” sözünü Əllamə Məclisinin İmam Baqirdən (ə) rəvayət etdiyi iddiası açıq-aydın saxtakarlıq və təhrifdir, dəlil kimi əsla istifadə edilə bilməz. Belə ki, kitabdakı həmin rəvayət mürsəldir (sənədsizdir), “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” (Kəhf, 51) ayəsinin nazil olma səbəbinin bəyanı ilə bağlıdır və bunu deyən şəxsə etiraz mənası daşıyır. Sizə Əllamə Məclisinin “Biharul-ənvar”dakı sözlərinin tam mətnini təqdim edirik ki, İhsan İlahi Zahirin şiə mənbələrindən nəql etdiyi sözlərdəki saxtakarlıq və uydurmalarının həcmi tam görünsün:

A. Əllamə Məclisi deyir: “İbn Bəşirin belə dediyini rəvayət edirlər: “Əbu Cəfərə (İmam Baqirə) dedim: “Camaat Peyğəmbərin (s) “İlahi, İslamı Əbu Cəhl və ya Ömərlə izzətləndir” deyə buyurduğunu iddia edir”. Əbu Cəfər (ə) buyurdu: “Allaha and olsun ki, Peyğəmbər (s) əsla belə bir şey söyləməyib. Allah öz dinini Muhəmmədlə (s) izzətləndirib. Allah dinini əsla şər məxluqları ilə izzətləndirməz”. 1137

İhsan Zahirin məqsədinin bu rəvayət olması mümkün deyil. Çünki bu rəvayətdə İmam Baqir (ə) Peyğəmbərə (s) istinad edilən bu yalanı inkar edir. Bunu onun sözlərində aydın görürük: “Allaha and olsun ki, Peyğəmbər (s) əsla belə bir şey söyləməyib”.

B. Əllamə Məclisi deyir: “Təfsirul-Əyyaşi”də Muhəmməd ibn Mərvandan, o da Əbu Cəfərdən (ə) Uca Allahın “Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsi barədə belə buyurduğu nəql edilir: “Peyğəmbər (s) “İlahi, dini Ömər ibn Xəttab və ya Əbu Cəlh Haşimi ilə izzətləndir” dedikdə, Uca Allah onların hər ikisini nəzərdə tutaraq: “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsini nazil etdi”. 1138

Bəlkə də, İhsan Zahirin iddiası bu rəvayətlə bağlıdır. Lakin irad olaraq bildirilməlidir ki, bu, Əyyaşinin “Təfsir”indəki 1139 mürsəl (sənədsiz) rəvayətlərdəndir. Həmçinin əvvəlki rəvayətə də ziddir. Eləcə də, bu rəvayət “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsinin nazil olma səbəbinin bəyanında deyilir. Rəvayətin dəlalətinə əsasən, Uca Allah həmin ayəni nazil etməklə İslamın Ömərə və ya digər şəxsə ehtiyacının olmadığını bildirir, müşrik, kafir, münafiq və insanları haqq yoldan azdıranlar bəyənməsə də, Öz dinini bütün dinlərə qalib edəcəyini buyurur.

C. Əllamə Məclisi deyir: “Təfsirul-Əyyaşi”də Muhəmməd ibn Mərvanın Əbu Abdullaha (İmam Sadiqə) belə dediyi nəql edilir: “Sənə fəda olum! Peyğəmbər (s) buyurub: “İslama Əbu Cəhl ibn Hişam və ya Ömər ibn Xəttabla izzət ver”. Dedi: “Ey Muhəmməd, bəli, Allaha and olsun ki, bunu deyib”.

Bu mənə boynumun vurulmasında daha pis təsir etdi. Sonra mənə yaxınlaşıb dedi: “Ey Muhəmməd, Allahın nazil etdiyi ayəni bilirsənmi?” Dedim: “Sənə fəda olum, sən daha yaxşı bilərsən!”

Buyurdu: “Peyğəmbər (s) Ərqəmin evində idi. Orada “İlahi, İslama Əbu Cəhl ibn Hişam və ya Ömər ibn Xəttabla izzət ver” deyə dua etdi. Uca Allah da o ikisi barədə “Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” (Kəhf, 51) ayəsini endirdi”. 1141

İhsan Zahirin məqsədi bu rəvayət də ola bilər. Lakin rəvayət İmam Baqirdən (ə) deyil, İmam Sadiqdən (ə) nəql edilir.1142 Bundan əlavə, Əyyaşinin “Təfsir”indəki 1143 mürsəl (sənədsiz) rəvayətlərdəndir, birinci rəvayətə ziddir, “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsinin nazil olma səbəbinin bəyanı üçün söylənib, İslamın Ömərə və ya digərlərinə ehtiyacının olmadığına dəlalət edir.

 

1124 Şiə və Əhli-Beyt, s. 96

1125 Nəhcül-Bəlağə, xütbə 146 (142); c. 2, s. 29-30

1132 İci bu ayəni dəlil gətirərək deyir: “Xitab səhabəyədir və cəm kəlmədən istifadə olunduğuna görə, onların ən az sayı üç olmalıdır. Allahın vədi isə şübhəsiz ki, haqdır. Səhabələrin arasından bir dəstə şəxsin xilafəti ilə Allahın dini yer üzündə qərar tutmalı idi ki, bu vəsflər də yalnız ilk dörd xəlifənin dövrlərində mövcud olub. Bu Allahın vədi idi”. (əl-Müvafiq, c. 3, s. 619)
Cəssas deyir: “Uca Allahın “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə...” ayəsində... dörd Raşidi rəhbərin xəlifəliyinin doğruluğuna dəlalət var. Belə ki, Uca Allah onları xəlifə qərar verərək vəd buyurduğu kimi, onlarla dini yer üzündə möhkəmlətdi”. (Əhkamul-Quran, c. 3, s. 425-426)
Baqilani deyir: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə...” ayəsilə Uca Allah dörd Raşidi imamın xəlifəliyini vəd edir”. (Təmhidul-əvaili və təlxisud-dəlail, s. 185)
Səmani deyir: “Elm əhli bu ayəni dörd raşidi xəlifənin xəlifəliyinin doğruluğuna dəlil göstərir. Bunlar Əbu Bəkr, Ömər, Osman və Əlidir (r)”. (Təfsir, Səmani, c. 3, s. 544).
İbn Əbu Hatəm təfsirində Əbu Tahirin belə dediyini nəql edir: “Dayım, yəni Əbdürrəhman ibn Əbdülhəmid Misri deyir: “Əbu Bəkrlə Ömərin rəhbərliyinin dəlilini Allahın kitabında görürəm. Allah-taala buyurur: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə...” (Təfsir, İbn Əbu Hatəm, c. 8, s. 2627-2628)

1133 Heysəmi deyir: “Ömərin İslamı qəbul etməsi” babı – Abdullahdan (yəni İbn Məsuddan) Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “İlahi, İslamı Ömər ibn Xəttabla və ya Əbu Cəhl ibn Haşimlə izzətləndir”... Bunu Təbərani “Möcəmul-kəbir”də və “Möcəmul-övsat”da rəvayət edib. “Möcəmul-kəbir”dəki rəvayətin raviləri Səhih”in raviləridir. Yalnız Mücalid ibn Səiddən savayı. Onu “siqə” (etibarlı) saymışlar. Əbu Bəkr siddiqdən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “İlahi, İslama Ömər ibn Xəttabla güc ver”. Təbərani bunu “Möcəmul-övsat”da rəvayət edib. Ravilərin arasında Muhəmməd ibn Həsən ibn Zübalə var ki, onun hədisləri tərk olunur. Ənəs ibn Malikdən nəql olunur ki, Peyğəmbər bir gün cümə axşamı belə dua etdi: “İlahi, İslamı Ömər ibn Xəttab və ya Ömər ibn Haşimlə izzətləndir”. Ömər cümə günü gəlib İslamı qəbul etdi”. Bunu Təbərani “Möcəmul-övsat”da rəvayət edib. Ravilərdən biri Qasim ibn Osman Bəsridir. O, zəif ravidir...
Ömərin köləsi Əsləmdən Ömər ibn Xəttabın belə dediyi rəvayət olunur: “İstəyirsiniz sizə İslamı qəbul etməyimdən danışım?” Biz “Bəli” dedik. Dedi: “Peyğəmbərə (s) qarşı ən qəddar şəxslərdən idim... Sonra mənə dedilər: “Ey Xəttabın oğlu, gözün aydın olsun! Peyğəmbər (s) bazar ertəsi günü belə dua edib: “İlahi dini Sənə sevimli olacaq iki nəfərlə – Ömər ibn Xəttab və Əbu Cəhl ibn Haşimlə izzətləndir”... Bunu Bəzzar rəvayət edib. Ravilərin arasında Üsamə ibn Zeyd ibn Əsləm var ki, o, zəif ravidir”. (Məcməuz-zəvaid, c. 9, s. 61-63)

1134 İcluni deyir: “əl-Məqasid”də yazılır: “Tarixçi Əbu Bəkrin Əkrəmədən rəvayət edərək ondan “İlahi, İslamı Ömərlə qüvvətləndir” soruşulduqda, “Allaha pənah aparıram! İslam dini bundan daha izzətlidir! Lakin Peyğəmbər (s) belə demişdi: “İlahi, Öməri və ya Əbu Cəhli İslamla izzətləndir” söylədiyini səhih (doğru) hesab etmirəm. “ət-Təmyiz” kitabında deyir:
Camaatın dilində dolaşan “İlahi İslamı iki Ömərdən biri ilə izzətləndir və ya qüvvətləndir” sözünün mənbəyinin olduğunu görməmişəm.
Nəcm Süyutinin belə dediyini nəql edib: “Hazırkı dövrdə “iki ən sevimli Ömərlə izzətləndir” kimi də məşhurlaşan bu sözlərin tam araşdırmasından sonra hədis yolları ilə heç bir əsli olmadığını gördüm”. (Kəşful-xəfa, c. 1, s. 184-185)

1135 əl-Xudətu (Sünnilikdən şiəliyə), Saleh Vərdani, s. 127-128

1137 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 382

1138 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 234; c. 54, s. 12

1139 Təfsir, Əyyaşı, c. 2, s. 328

1141 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 234-235

1142 İhsan Zahirin şiələrin İmamlarını (ə) düzgün seçə bilməməsi yeni məsələ deyil. Belə ki, bir neçə yerdə buna rast gəlmişik. Bununla belə o, şiə məzhəbini tam öyrəndiyini və onların əqidə əsaslarını bildiyini iddia edir!

1143 Təfsir, Əyyaşı, c. 2, s. 328

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе