Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
İncilin bir çox yerində Həzrət İsa (ə) özündən sonra gələcək mühüm bir şəxsdən xəbər verir. Məsələn, Yəhya İncilinin 16-cı fəslində belə qeyd olunur:
“Mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm”. (İncil; Yəhya 16:7)
“O gələndə dünyaya günah, salehlik və hökm haqqında inandırıcı dəlillər gətirəcək”. (İncil; Yəhya 16:8)
“Sizə hələ deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz”. (İncil; Yəhya 16:12)
“Həqiqət ruhu gələndə sizə yol göstərəcək, həqiqəti tam dərk etməyinizə kömək edəcək. O özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələrdən xəbər verəcək. (İncil; Yəhya 16:13)
“O, məni şöhrətləndirəcək, çünki məndən aldığı xəbəri sizə çatdıracaq”. (İncil; Yəhya 16:14)
İncilin bu (Yəhya 16:7) ayəsində yunanca "Parakletos" (Παράκλητος) olaraq keçir. Bu da xristianların dediyinə görə, "təsəlli verən", yaxud "köməkçi" anlamına gəlir. Lakin yunanca "Periklytos" (περικλύτος) sözü də var ki, "təriflənən" mənasını verir və bu məna Peyğəmbərimizin "Əhməd" və "Muhəmməd" adlarının mənasıdır. Mümkündür ki, əslində bu söz elə "Periklytos" olmuşdur. Həzrət İsa (ə) həvarilərinə xitabən nitq söyləyərkən Həzrət Muhəmmədi (s) ən məşhur adı ilə "Əhməd" adlandırmışdır. İncil qələmə alınarkən bu söz yunan dilinə "Periklytos" (təriflənən) kimi tərcümə olunmuş, sadəcə sonradan "Parakletos" şəklində dəyişdirilmişdir. Amma hər bir halda istər "təsəlli verən", istər "köməkçi", istərsə də "təriflənmiş" mənasında olsun, hər bir halda bu ayələrdə qeyd olunan vəsflər İslam Peyğəmbərinin (s) xüsusiyyətləri ilə üst-üstə düşür.
Xristianlar bu “Parakletos”un Müqəddəs Ruh olduğunu iddia edirlər və əsas arqumentləri budur ki, bəzi ayələrdə onun barəsində “ruh” ifadəsi işlədilir. Lakin bu yanaşma birtərəflidir. Çünki İncilin özündə “ruh” sözü müxtəlif mənalarda istifadə olunur və hər dəfə “Müqəddəs Ruh”a işarə etmir. Məsələn:
“...Bu gözlər Allahın dünyaya göndərilmiş yeddi ruhunu təmsil edir”. (İncil; Vəhy 5:6)
Ayədən də görüldüyü kimi, Allahın 7 ruhunun yer üzərinə göndərildiyi qeyd olunur. Bu ayə göstərir ki, "ruh" kəlməsi tək bir varlığı deyil, müxtəlif vəzifələrlə göndərilmiş ruhları da ifadə edə bilər.
Bundan əlavə, peyğəmbərlərə və saleh şəxslərə də “ruh” nisbəti verilir. Məsələn, Həzrət İsanın (ə) Qurandakı ləqəbi “Ruhullah” – yəni “Allahın ruhu”dur. Bu sözün bir peyğəmbər barədə işlədilməsinin səbəbi budur ki, o, insanlara ilahi ruhu, yəni imanı aşılayır və onları haqqa doğru hidayət edir. Bundan əlavə, İncildə bu cür nisbətlərə rast gəlirik. Məsələn:
“Əzizlərim, eşitdiyiniz hər ilhamlanmış ruha inanmayın, lakin onların Allahdan olub-olmadığını yoxlayın, çünki dünyada bir çox saxta peyğəmbər peyda olub”. (İncil; 1 Yəhya, 4:1)
Bu ayədə “ruh” sözünün “peyğəmbər” mənasında işlədildiyi açıq-aşkardır. Deməli, Allah tərəfindən göndərilmiş peyğəmbər – “həqiqət ruhu”, saxta iddiaçılar isə “saxta ruhlar”dır. Ayədə “Hər ruha inanmayın” deyilməsi “Hər peyğəmbərəm deyənə inanmayın” mənasına gəlir.
Xristianların istinad etdiyi digər bir ayə belədir:
“O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq”. (İncil; Yəhya, 14:17)
Onlar bu ayədən belə nəticə çıxarırlar ki, bu şəxs görünməz və tanınmaz bir varlıqdır, halbuki Muhəmməd Peyğəmbəri (s) milyonlarla insan tanıyıb. Bu arqumentə cavab isə belədir: ayədə “görmək” və “tanımaq” sözləri iman və qəbul etmək mənasındadır. Necə ki, bu gün xristian və yəhudi dünyası onu (s) nə “görür”, nə də “tanıyır” – yəni onu qəbul etmir və ona iman gətirmirlər. İncilin özündə də bu metaforik mənadan istifadə edilir:
"Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda, görməzlər, eşitdikləri halda, eşitməzlər və anlamazlar". (İncil; Matta, 13:13)
Bu kimi ayələrdə görmək və eşitmək iman mənasında işlədilir. Bu isə İsa peyğəmbərin (ə) danışdığı "Həqiqət ruhu"nun da sadəcə ruhani bir varlıq deyil, peyğəmbər məqamında bir şəxs olduğunu göstərir.
Əgər “Müqəddəs Ruh” Tanrı səviyyəsində bir varlıqdırsa, necə olur ki, o, Allahdan eşitdiklərini insanlara çatdırır? Ayədə deyilir ki, o “eşitdiyini danışacaq” – bu isə peyğəmbərlərə xas olan vəhy məqamını xatırladır. Quranda da Peyğəmbərimizin (s) bu xüsusiyyəti belə izah edilir:
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
“O, öz istəyi ilə danışmır”. (Nəcm surəsi, 3)
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
“Bu, ancaq nazil olan bir vəhydir”. (Nəcm surəsi, 4)
Yəni Yəhya İncilinin 16:13 ayəsində deyilən “eşitdiyini danışacaq” ifadəsi, Quranda olduğu kimi, vəhy alan bir peyğəmbərin xüsusiyyəti ilə eynidir.
Digər tərəfdən, ruh – mücərrəd, fiziki duyğuları olmayan bir varlıqdır. Lakin ayələrdə keçən xüsusiyyətlər (eşitmək, danışmaq, xəbər vermək) insanlara aid sifətlərdir. Bu da göstərir ki, burada söhbət cismani şəkildə gələcək bir peyğəmbərdən – Muhəmməd Mustafadan (s) gedir.
NƏTİCƏ: İncil ayələrində bəhs olunan “Həqiqət ruhu”, “Parakletos” və ya “təriflənmiş” şəxsiyyət – bütün xüsusiyyətlərinə görə İslam Peyğəmbərinə (s) uyğundur. Xristianların “Müqəddəs Ruh” kimi yozduğu bu anlayış, ayələrin məzmunu və digər ayələrlə müqayisə edildikdə, bir insan – yəni vəhy daşıyan bir peyğəmbər olmalıdır. Və bu şəxs, Həzrət Muhəmməddən (s) başqası ola bilməz.
(c) Tm @imamrza_xadimi