Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
Həzrət Musa (ə) Muhəmməd peyğəmbər (s) barədə müjdə verir.
“Mən onlara qardaşlarının arasından sənin kimi bir peyğəmbər göndərəcəyəm. Sözlərimi onun dilinə qoyacağam. O, əmr etdiyim hər şeyi onlara çatdıracaq”.
(Tövrat; Qanunun təkrarı, 18:18)
Tövratı tərcümə edənlər ayədə "qardaşlarının" sözünün əvəzində “soydaşlarının” sözünü yazıblar. Lakin, Tövratın original ivrit dilində olan mətninə baxdıqda orada “Axehem” (אֲחֵיהֶם) yəni, “onların qardaşları” sözünün olması açıq-aşkardır.
Məlumdur ki, Həzrət Muhəmmədin (s) də mənsub olduğu ərəb milləti İbrahim peyğəmbərin (ə) oğlu Həzrət İsmailin (ə) nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin peyğəmbərin (ə) digər oğlu Həzrət İshaqın (ə) oğlu Həzrət Yəqubun (ə) nəslindən ibarətdir. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Musa peyğəmbərə (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və bəni-İsrail də ona tabe olmalıdır. Nəticədə, bu ayədə işlənən İsrail oğullarının “qardaşı” ifadəsi ilə Həzrət İsmailin (ə) nəslindən gələcək bir Peyğəmbərə işarə edilir ki, Həzrət İsmailin soyundan gəldiyi məlum olan yeganə Peyğəmbər Həzrət Muhəmməddir (s).
Əlavə olaraq, bunu da qeyd etməliyik ki, ayədəki: “Sözlərimi onun dilinə qoyacağam. O, əmr etdiyim hər şeyi onlara çatdıracaq” — cümlələri Qurani-kərimin məşhur ayələrinin eynisidir. Qurani-Kərimin “Nəcm” surəsində Allah-Təala Muhəmməd peyğəmbərin (s) barəsində buyurur:
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
“O, öz istəyi ilə danışmır”.
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
“Bu, ancaq nazil olan bir vəhydir”. (Nəcm surəsi, 3 və 4)
“Allah adamı Musa ölümündən qabaq israillilərə xeyir-dua verib dedi: “Yehova! O, Sinadan gəldi, Sairdən üstlərinə şəfəq saçdı, Fəran dağlarından həşəmətlə nur saçdı..”
(Tövrat; Qanunun təkrarı, 33:1-2)
Musanın (ə) vəsiyyətində üç məkan adı çəkilir: Sina, Sair və Fəran dağı.
“O, Sinadan gəldi” — Musanın (ə) Tövratı almasına işarədir.
“Sairdən üstlərinə şəfəq saçdı” — İsa Məsihə (ə) müjdələmədir. Çünki Sair, Fələstində yerləşən bir dağdır.
“Fəran dağlarından həşəmətlə nur saçdı” — Həzrət Muhəmmədin (s) müjdəsidir. Çünki Faran, Məkkə ilə məsafədə bir günlük məsafədə olan dağlardan biridir. Onlar öz kitablarında bu adı bu şəkildə qeyd etmişlər.
Tövratın başqa bir yerində Həzrət İsmailin (ə) Faranda məskən salması nəql edilir:
“O, Faran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı”. (Tövrat; Yaradılış, 21:21)
Halbuki, Həzrət İsmail (ə) yalnız Məkkədə yaşamışdır. Bu da göstərir ki, Faran Məkkədir və Faran dağından nur saçmaq – Həzrət Muhəmmədin (s) zühuruna açıq bir müjdədir.
Həzrət Suleymanın (ə) Muhəmməd peyğəmbərin (s) mübarək adını çəkməsi.
Tövratda “nəğmələr nəğməsi” kitabı Suleyman peyğəmbərin (ə) öz xəyali sevgilisi barəsində qoşduğu şeirlərdən ibarətdir. Təsvir olunan sevgili obrazının xüsusiyyətlərindəki ziddiyyətlər bunu söyləməyə imkan verir ki, şeirlərin mətni xeyli təhrif olunub. Kitabın 5-ci fəslinin 16-cı cümləsində Həzrət Suleyman (ə) öz xəyali sevgilisini bu sözlərlə vəsf edir:
“Ağzı şirindən də şirindir, Təpədən dırnağadək istəklidir. Bax bu cürdür məhbubum, bu cürdür sevgilim, ay Yerusəlim qızları!” (Tövrat; Nəğmələr Nəğməsi, 5:16)
Həzrət Suleymanın (ə) sözlərinin yəhudicə originalına diqqət yetirsək, aydın olar ki, bunlar adi bəşəri hislərin təsiri altında qadın cinsi üçün deyilməmişdir. Bu sözlərin dərin irfani məna yükü vardır. Originalda cümlə belə səslənir:
İndi isə ayənin ibranicə oxunuşunu sizlərə təqdim edirəm:
טז חִכּוֹ, מַמְתַקִּים, וְכֻלּוֹ, מַחֲמַדִּים; זֶה דוֹדִי וְזֶה רֵעִי, בְּנוֹת יְרוּשָׁלִָם.
“Xik kov mam-taqqim, vexu-lou Mahammad-dim, ze-dodive ze-rehime be-dou Yeruşalam!”
Gördüyünüz kimi, Tövratın bu ayəsində açıq-aşkar “Muhəmməd” ismi mövcuddur! Bu ayə, sarı rənglə işarələdiyimiz yerdədir və altından qırmızı xətt çəkdiyimiz hissə, məhz Muhəmmədin (s) mubarək isminin qeyd edildiyi yerdir!
Həmin sözün İbrani (Yəhudi) dilində yazılışı bu cürdür: מַחֲמַדִּים
Ayənin ibranicə oxunuşunda açıq-aşkar “MAHAMMADİM” sözü vardır. Suleyman peyğəmbər (ə) Allahın sonuncu Rəsulu Muhəmmədi (s) ən gözəl ifadələrlə vəsf edir və onu "məhbubum", "sevgilim" adlandırır.
Halbuki, hazırkı tərcümələrdə bu ifadə sadəcə “istəkli” kimi verilir. Belə tərcümədə isə bu ayəni Həzrət Muhəmmədlə (s) əlaqələndirmək mümkün olmur. “Muhəmməd” adının mənası “tərifəlayiq”, “ucaldılmış” deməkdir. Təsəvvür edin, bu ayədə “Muhəmməd” əvəzinə “ucaldılan” yazılıb – o zaman artıq bir şəxs adı olduğu aydın görünməzdi. Halbuki insanların adları tərcümə edilməməli, olduğu kimi saxlanmalıdır!
Həbquq peyğəmbər (ə) Muhəmməd peyğəmbər (s) barədə müjdə verir.
Tövratda Həbquq peyğəmbərin (ə) kitabında da Məkkə ətrafından zühur edəcək Peyğəmbər haqqında məlumat verilmişdir:
“Allah Təhmandan, Müqəddəs Allah Fəran dağından gəldi. Selah Göylər Onun əzəmətinə bürünüb, Yer Ona ucalan mədhlərlə doludur. O, şəfəqtək parlayırdı. Əlindən qoşa şüa çıxırdı, Gücü də orada gizlənib. Önündə azar gedirdi, Arxasınca şiddətli qızdırma gəlirdi. O durdu, yeri lərzəyə saldı. Baxışı ilə xalqları sarsıtdı. Əbədi dağlar dağıldı, Əzəli təpələr diz çökdü. Onun yolları ta qədimdən belədir”. (Tövrat; Həbquq, 3:3-6)
Göründüyü kimi, Həbquq peyğəmbər (ə) də Həzrət Muhəmmədin (s) ilahi risalətinin Məkkədən başlanacağını bilirmiş. Onun əvvəlcədən verdiyi xəbərlər həyata keçdi. Həzrət Muhəmmədin (s) əzəməti qarşısında ən adlı-sanlı hökmdarlar, alimlər və cəngavərlər özlərini itirib məğlub oldular. Əbədi dağlara və əzəli təpələrə bənzədilən nəhəng imperiyalar müsəlman qoşununa baş əydi. Sasani və Bizans imperiyaları kimi böyük dövlətlər İslamın bayrağı qarşısında diz çökdü. İslamın və onun böyük peyğəmbərinin şöhrəti dünyanı bürüdü. Bu gün İslam aləmi, ona qarşı şiddətlənən hücumları müvəqqəti olaraq cavabsız qoymuşsa da, bu, məğlubiyyət deyildir. Dinimizin yüksəliş dövrü İmam Mehdinin (ə.f) zühuru ilə hələ qarşıdadır. Çünki İslam əvəzolunmaz, məğlubedilməz dindir. Həzrət Muhəmməd peyğəmbərin (s) şəriəti qiyamət gününədək öz gücünü saxlayır.
(c) Tm @imamrza_xadimi