»»

Niyə hər zamanda daimi yaşayan ilahi höccət olmalıdır?

 

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ

O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. (İsra 71)

 

Fuzeyl deyir: İmam Baqirdən (ələyhis-səlam) Allah-Təalanın “O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq” ayəsi barəsində soruşdum, belə buyurdu: “Peyğəmbər (səlləllahu ələyəhi və alihi) öz camaatı ilə, Əli (ələyhis-səlam) öz camaatı ilə, Həsən (ələyhis-səlam) öz camaatı ilə, Hüseyn (ələyhis-səlam) öz camaatı ilə və hər bir imamın dövründə yaşayıb dünyadan köçənlər də öz imamları ilə gələcəklər. (Əyyaşinin Təfsiri c.2, səh.324, hədis 114)

İmam Baqir (ələyhis-səlam) buyurub: “Allah Rəsulu (səlləllahu ələyəhi və alihi) Əliyə (ələyhis-səlam)  və hələ uşaq olan Həsənə (ələyhis-səlam) və Hüseynə (ələyhis-səlam)  vəsiyyət etmiş, sonra isə belə buyurmuşdur: “Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və əmr sahiblərinizə itaət edin” (Nisa 59). Bununla da, Allah-Təala Qiyamət gününə qədər imamların-Əli (ələyhis-səlam) ilə Fatimənin (səlamullahi-ələyha) nəslindən olmasını istəmişdir”. (Dəlailul İmamə səh.436, hədis 406)

Bu və bunun kimi ayə və hədislərdən də gördüyümüz kimi Allah yer üzündə daimi olaraq yaşayan ilahi höccətlərin olmasını iradə etmiş və eyni zamanda bu ilahi höccətlərin əsil-nəsəbi, adları və vəziyyətləri aşkar şəkildə hədislərlə bizə bəyan olunmuşdur.

Bununla belə bu barədə belə bir sual qoyula bilər; Niyə hər zamanda daimi yaşayan ilahi höccət olmalıdır? Yəni hər dövrdə yaşayan ilahi höccətin olmasının mənası nədir və buna nə ehtiyac vardır? Bir haldaki, Həzrəti Rəsuli-Əkrəm (səlləllahu ələyəhi və alihi) din gətirmiş, kitab gətirmiş və İslam dini kamil olmuşdur. Beləki, bu bizə kifayətdir və Həzrəti Peyğəmbərdən (səlləllahu ələyəhi və alihi) sonra yeni bir ilahi höccətə ehtiyac yoxdur. Çünki istər Peyğəmbərdən (səlləllahu ələyəhi və alihi) sonra, istərsə də hər hansı başqa bir ilahi höccətdən sonra yenə də onların sözlərini bizə çatdıracaq və izah edəcək alimlər olacaqdır. Yəni, əgər dində dəyişiklik yoxdursa və olmayacaqdırsa da, o zaman biri ya Peyğəmbərin sözünü ya da ondan sonrakı başqa bir ilahi höccətin sözünü camaata çatdırsa-nə fərq edəcəkdir? Yenə də arada başqa vasitəçilər olacaqdır. Buna görə də Peyğmbərdən sonrakı ilahi höccətlər sanki formal xarakter daşımış kimi görsənəcəkdir. O zaman belə çıxır ki, daimi yaşayan ilahi höccətlərin olması vacib bir məsələ deyildir və sadəcə alimlərlə də kifayətlənmək olardı. Xüsusilə də qeyb zamanında dövrün İmamına müstəqil olaraq əlimiz çatmadığından istər-istəməz alimlərlə kifayətlənməli oluruq. Bir haldakı indiki halda alimlər də yenə Peyğəmbərin (səlləllahu ələyəhi və alihi) sözlərini və rəftarlarını qədim mənbələrlə bizə çatdırırlar. Bütün bunlar hər dövrdə daimi yaşayan ilahi höccətin olmasının vacibliyini qüvvədən salmırmı? və ya belə bir höccətin olmasının mənası nədir?

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat 56)

İmam Sadiq (ələyhis-səlam) İmam Baqirdən (ələyhis-səlam), o da İmam Səccaddan (ələyhis-səlam) ) onun belə buyurduğunu nəql etmişdir: ...Allah Adəmi (ələyhis-səlam) yaradandan bəri yer üzü – istər aşkar və məşhur olsun, istərsə də gözlərdən kənar (qeybdə) və gizli olsun, Allahın höccətindən boş qalmayıb. Qiyamət gününədək də ora Allah höccəti olmadan boş qalmayacaqdır. Əgər belə olmasaydı, Allaha ibadət edilməzdi. (Kəmaluddin bab 21, hədis 22)

Allahın yaradılışdan və dininin mənalarından biri, həm də önəmlisi Ona ibadətin olunmasıdır. Əgər yer üzündə hər an etibarı ilə ibadəti mütləq şəkildə qəbul olunmuş ən azı bir nəfər yoxdursa, o zaman yarıdılışın və dinin mənası olmaz. Elə bir din fərz edək ki, kitab gətirilmiş və əmrlər verilmiş, ancaq an etibarı ilə bunlara kamil şəkildə əməl edən bir nəfər də olsun belə yoxdur. Bu zaman bu dinə din deyilməz, deyilsə də ilahi din olmaz.

Hal-hazırda yaşadığımız dövrdə an etibarı ilə mütləq şəkildə ibadəti qəbul olunmuş və bunu iddia edən neçə nəfər vardır? Əlbətdə ki, bunu Allah tərəfindən seçilmiş və hidayət olunmuş ilahi höccətdən başqa heç kəs deyə bilməz.

Deməli hər dövrdə daimi yaşayan ilahi höccətin olmasının zəruriliyinin mənalarından biri yer üzündə həmişə Allaha qəbul olunmuş ibadət edən bir bəndənin olmasıdır. Əgər belə olmasaydı onda din ibadətsiz qalardı.

Əgər din hər zaman diri və canlı qalmalıdırsa, onun üzərində hakim olan ilahi höccət də diri və canlı qalmalıdır. Cünki bunların hər ikisi birdir və bir-birinə bağlıdır.

İmam Rza (ələyhis-səlam) Peyğəmbərin (səllallahu ələyhi və alihi) - “O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq” ayəsi haqqında belə buyurduğunu nəql etmişdir: “Hər qövm öz zəmanəsinin imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsilə çağırılacaq”.

(Uyunu Əxbarir Rza (ə) c.2, səh.33, bab 31, hədis 61, İsbatul-Huda c.1, səh.165, Biharul-Ənvar c.24, səh.264)

İmam Baqir (ələyhis-səlam) buyurub: “Yer üzü biz imamlardan biri olmadan bir gün belə, qalarsa, əhalisi ilə birgə məhv olar. Allah onun əhalisinə şiddətli əzab verər. Çünki O, bizi yerinin üzərində höccət və əhalisinin üzərində əmin şəxslər qərar vermişdir. Biz onların arasında olduğumuz müddətdə yer üzünün onları məhv etməsindən amanda olarlar. Əgər Allah məhv etmək istəyərsə, onlara möhlət verməz və onları gözlətməz. Bizi onların arasından aparar və onlara istədiyini edər”.

(Dəlailul İmamə səh.436, hədis 407, İsbatul-Huda c.1, səh.133, Kəmaluddin, c.1, səh.204, Biharul-Ənvar, c.23, səh.37)

Allahın yaradılışdan və dininin mənalarından biri də dövrün insanlarının həmişə yaşayan ilahi rəhbərlə yəni canlı höccətlə birlikdə yaşamasıdır. Dövrün insanları öz höccətləri ilə birlikdə hərəkət etməli, onunla otrub-durmalıdırlar. Çünki dövrün standartları eyni deyildir. Hər höccətin dövrünün şəraitləri və vəziyyətləri fərqli ola bilər. Birində sülh, birində müharibə ola bilər. Bir höccətin dövründə din aşkar, başqa bir höccətin dövründə isə gizlin ola bilər. Hər dövrün insanı öz dövrünün höccətinin hərəkətlərini izləməlidir. Belə olmasa, öz dövrümüzdə hansı dövrün höccətinin hərəkətlərini əsas götürməli olduğumuzu bilmərik. Məsələn: Biz axirəz-zəman dövründə yaşayırıq və höccətimiz hal-hazırda qeybdədir. Deməli, biz də qeyb dövründə etməli olduğumuz rəftarları və davranışları etməliyik. Əgər belə olmasaydı onda bizə təkcə bir höccət kifayət edərdi və Allah çoxlu peyğəmbərlər göndərməzdi. Halbuki, peyğəmbərlərin arasında və sözlərində heç bir ixtilaf yoxdur.

Deməli hər dövrdə daimi yaşayan ilahi höccətin olmasının zəruriliyinin mənalarından biri, insanların yaşayan ilahi höccətlə birlikdə olması və onunla birlikdə hərəkət etməsidir. Baxmayaraq ki, yaradılışdan bəri Allahın sözündə dəyişiklik olmamışdır.

Əmirəl-möminin (ə) buyurumuşdur: “Öz Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Əgər onlar əyləşsələr, siz də əyləşin, əgər ayağa qalxsalar, siz də qalxın və onlardan önə keçməyin ki, azğın və sərgərdan olarsınız, arxada da qalmayın ki, həlak olarsınız...” (“Nəhcül-bəlağə”, xütbə 96) 

 

(c) vedolunmus.com

Рейтинг

В этом разделе