»»

Zühurun vaxtını təyin etmək olarmı? Ramazan ayının 23-ü zühurun elanı veriləcəkmi?

Haris ibn Müğeyrə İmam Sadiqin (ələyhis-səlam) belə buyurduğunu nəql etmişdir: “Ramazan ayında (səmadan carçı tərəfindən səslənən) çığırtı bu aydan iyirmi üç gün keçdikdə cümə gecəsi baş verəcəkdir”. (Kəmaluddin c.2, səh.650, İsbatul-Huda c.5, səh.349, Biharul-Ənvar c.52, səh.204)

 

Əbu Bəsir deyir, İmam Sadiqdən (ələyhis-səlam) Qaimin çıxışı barəsində soruşdum. Buyurdu: Biz Əhli Beyt (ələyhimus-səlam) vaxt təyin etməmişik və Muhəmməd Peyğəmbər (səlləllahu ələyhi və alih) deyib:  Vaxt təyin edənlər yalançıdırlar. (İsbatul Huda c.5, səh.167, Şeyx Numani Qeyb dövrü səh.289, Biharul Ənvar c.52, səh.119)

Həm carçının nidası həm də bunun timsalında digər qəti əlamətləri necə izah edək?

Hədislərə diqqət etdikdə görürük ki, həm zühur üçün vaxt təyin etməyin yanlış olduğu vurğulanır, həm də Ramazan ayında və ya Cümə günündə zühurun baş verəcəyi qeyd olunur. Bir haldaki, Allah tərəfindən zühurun hansı zamanda baş verməsi üçün vaxt təyin olunmamışdır. Buna görə də, zühurun nə zaman baş verəcəyi barəsində Həzrəti Peyğəmbərimizə (s) və Onu Əhli-Beytinə (ə) heç bir xəbər verilməmişdir. Necə ki, Qiyamət günü üçün vaxt təyin olunmamışıdır və bunun xəbəri də verilməmişdir. Beləliklə zühur üçün vaxt təyin etmək olmaz.

Bunları nəzərə alaraq Ramazan ayının 23-də zühurun elanı və həmçinin Cümə günü zühurun baş verməsi labüddürmü? Bunu necə izah edək?

Əvvəlcə onu bilək ki, Ramazan ayında zühurun elan olunması və ya Cümə günü zühurun baş verməsini demək-vaxt təyin etmək sayılırmı? Hansı halda vaxt təyin etmək sayılır və ya hansı halda isə vaxt təyin etmək sayılmır.

Əgər biz bunu mütləq şəkildə qəbul etsək ki, Ramazan ayının 23-ü və Cümə günü mütləq zühur olacaqdır - o zaman vaxt təyin etmək sayılacaqdır. Hətta hansı ildə olmasının deyilməməsinə baxmayaraq, sadəcə ayın və həftənin gününü mütləq şəkildə vurğulasaq belə, bu başqa vaxtda (məsələn: şənbə günü) zühur ola bilməz anlamına gəldiyi üçün yenə də vaxt təyin etmək sayılacaqdır. Çünki Allah zühur üçün vaxt təyin etmədiyindən, biz qəti bu gün zühur ola bilməz də deyə bilmərik. Desək, Allahın işinə və hikmətinə qarışmış olarıq. Lakin istisna halları nəzərə alsaq və bu işin son ana kimi Allahın əlində olduğunu qəbul etsək, o zaman vaxt təyin etmiş sayılmarıq.

Ancaq eyni zamanda bütün bunlarla belə bu deyilənlər, Ramazan ayında və ya Cümə günündə zühurun baş verməsi ehtimalının böyük ölçüdə zədələnməsi anlamına gəlməməlidir. Həmçinin bu o demək deyil ki, bu günlərin əvəzinə başqa günləri təbliğ etməliyik. Yəni, deyilən vaxtların (Ramazan ayının, Cümə gününün) zühur üçün mütləq mənada olmaması o demək deyil ki, ehtimal aradan götürülsün. Sadəcə olaraq bu işdə başqa ehtimallar da nəzərə alınmalıdır. Əlbətdə ki, vurğulanan ehtimallar digər ehtimallardan öndədir. Çünki ən azı bu günlər barəsində kifayət qədər hədislər vardır və nəticə etibarı ilə hədislərin aliliyi həmçinin Allahın ənənəsi (prinsipi) diqqətdən kənar qalmamalıdır. 

Bununla belə əlamətlər barəsində olan hədislərin hamısının deyildiyi kimi icra olunması da mütləq deyildir. Çünki bu barədə həm bəda (dəyişmə) məsələsi vardır, həm də bəzi hədislərin mənasını tam anlamaya bilərik. Məsələn; zühurun elan olunması-dərhal sonra zühurun baş verməsi anlamına gəlməyə bilər. Həmçinin zühurun elan olunmaması, bunun baş verməsinin mütləq mənada qarşısını kəsə bilməz. Hətta bütün əlamətlər tam şəkildə hasil olsa belə Allah zühuru gecikdirə bilər və onu başqa vaxtda icra edər. Belə olduqda isə zühur üçün yenidən əlavə əlamətlərə ehtiyac duyumlaya bilər. Yəni əgər zühur gecikərsə, deməli biz zühurun özündən başqa bir şeyi gözləmək məcburiyyətində qalmamalıyıq. Bütün bunlar qeybin uzun çəkməsi və Allahın hikmətinə əsasən mümkündür.

Beləliklə bəzi əlamətlərin qəti şəkildə baş verməsi deyildikdə-bu dərhal sonra zühurun da qəti şəkildə baş verməsi anlamına gəlməməlidir. Yəni zühurun gecikməsi, əlamətlərin qətiliyini aradan aparmır. Və yaxud da bəzi qəti əlamətlər zühurla paralel (və ya eyni ildə) olduğundan-əsas etibarı ilə öncəliyimiz zühurun özü olacağından, bu əlamətlər arxa plana keçə bilər və ya zühurun baş verməsini anlamaq üçün köməkçi xarakter daşıya bilər. Həmçinin bəzi əlamətlərin məhz zühur üçün yoxsa qiyam üçün olduğunu bilmək də önəmlidir. Məsələn: Qiyamdan öncəki əlamətlər deyildikdə; bu əlamətlərin hamısının və ya müəyyən bir hissəsinin zühurla qiyam arasında yoxsa zühurdan əvvələ aid olduğunu qeyd etmək birmənalı şəkildə deyildir.

İmam Sadiq (ələyhis-səlam) buyurmuşdur: “Qaimin (ələyhis-səlam) qiyamından öncə beş əlamət vardır: Yəmani, Süfyani, səmadan car çəkən carçı, beydada yerə batma, Nəfsüz-zəkiyyənin qətli”. (Kəmaluddin c.2, səh.649, Əl-Xisal c.1, səh.303, Biharul-Ənvar c.52, səh.203)

Qeyd etdiyimiz hədisdəki, məşhur beş əlamətin bəzilərinin zühurla qiyamın arasında, bəzilərinin zühurla paralel, bəzilərinin də zühurdan əvvəl olması mümkündür.  

Nəticə etibarı ilə, qəti əlamətlərin üstündə möhkəm durmaq-xüsusi ilə müntəzirlər üçün çox böyük rol kəsb etməməlidir. Zühurun qəflətən baş verməsini vurğulamaq buna ən gözəl izahdır. Əlbətdə ki, bu, əlamətlərin əhəmiyyətsiz olması demək deyildir.

Sözsüz ki, bütün bu deyilənlər, hədislərin aliliyinə zərər gətirmir. Çünki, Rəsuli-Əkrəm (s) və Əhli-Beyt (ə) özləri bu barədə olan hədisləri nəql edərkən bunları nəzərə alıblar və zühurun əmrinin yalnız Allahın əlində olduğunu birmənalı şəkildə vurğulamışlar. Eyni zamanda bunu da xüsusi qeyd edək ki, deyilənlərdən qəti olaraq bu nəticəyə gəlinməsin ki, bu barədə diqqətimizi hədislərdən kənar bir şeyə cəmləşdirərək, Ramazan ayında və Cümə günü zühur olmaya bilər tezisini də təbliğ edək.

Nəticə olaraq hər hansı bir ildə Ramazan ayının 23-ü və ya Cümə günündə mütləq şəkildə zühurun baş verməsi labüd deyildir. Bununla bərabər bu barədə hədislərin aliliyini və Allahın ənənəsini (sünnətini) əsas götürərək, vəzifəmiz bu işdə tələsməmək və səbr etməkdir.

Əli ibn Seyf ibn Umeyrə öz atasından, o da Humran ibn Əyəndən Əbu Əbdullahın (ə) (İmam Sadiqin) belə buyurduğunu nəql edir: İmamını tanı. Əgər onu tanısan, bu işin tez olması və ya gecikməsi sənə zərər vurmaz. Həqiqətən də, Allah-taala belə buyurur: O gün bütün insanlar öz imamı ilə çağıracağıq (İsra 71). Kim öz imamını tanısa, Qaimin (ə.f.) (Muntəzirin) çadırında olan şəxs kimi olar. (Şeyx Numani Qeyb dövrü səh.331, həmçinin başqa mənbə ilə- Şeyx Numani Qeyb dövrü səh.330-331, Biharul-ənvar c.52 səh.142)

 

(c) vedolunmus.com

Рейтинг

В этом разделе